18
Ağa Məhəmməd şahın ölüm xəbərini eşitdikdə Mirzə Məhəmməd xan tez
Qubadan Bakıya gəlir. Lakin özünü Bakıya ondan qabaq çatdırmış Hüseynqulu
xan qalada möhkəmlənib, şəhəri qorumağa başlayır. Mirzə Məhəmməd xanın cəhdi
bu dəfə də nəticəsiz qalır.
General Pavel Sisianovun Qafqaza baş komandan təyin edilməsi ilə
Qafqazın, o cümlədən Azərbaycanın işğal edilməsi daha geniş vüsət alır. O,
Qarabağ, Şəki, Gəncə və Şirvan xanlıqlarını işğal etdikdən sonra Bakıya səfər edir.
1806-cı ilin soyuq fevral ayı idi. Sisianovun qoşunları Bakıya çatıb, şəhərin
qala qapısı yaxınlığında - Naxır bulağında düşərgə salır. Sonra Sisianov öz yavəri
polkovnik Eristov vasitəsilə Hüseynqulu xana 8 maddədən ibarət ultimatum
göndərir, hamı dayanıb, Eristovun cavab gətirəcəyini gözləyirdi. Nəhayət, Eristov
Hüseynqulu xanın nümayəndəsi ilə birlikdə şəhər darvazasından çıxır. Hüseynqulu
xanın elçisi əlində tutduğu duz-çörəklə və şəhərin açarları ilə Sisianova yaxınlaşır.
Sisianov açarları geri qaytarıb, lovğalıqla deyir:
- Mən istəyirəm ki, açarları mənə Hüseynqulu xanın özü təqdim etsin.
Elçi geri qayıdır. Lakin bu dəfə Sisianov Hüseynqulu xanı çox gözləməli
olur. Nəhayət, Hüseynqulu xan öz məiyyəiti: İbrahim bəy, Qasım bəy, Kərim bəy
və başqaları ilə birlikdə qaladan çıxıb yaxınlaşır, açarları rus generalına təqdim
edərkən qəflətən güllə açılır və Sisianov yıxılır. Onun öldürülməsi ilə qala
bürclərindən yaylım atəşinin açılması bir olur. Eristov öldürülür, təkcə silahlı
kazak aradan çıxıb, özlərini qoşuna çatdırır. Hüseynqulu xanın adamları
Sisianovun başını kəsir və İrana, Fətəli Şaha hədiyyə göndərirlər. Başsız cəsədi isə
qala qapısının ağzında basdırırlar. O, ayaq tapdağı olur.
Bakı həmişəlik Rusiyaya ilhaq edildikdən sonra Sisianovun sümükləri
çıxarılıb, qala qapısının yanında yenicə tikilmiş Nikolay kilsəsində dəfn edilir.
Sonralar Qafqazın yeni baş komandanı Markiz Pauliçinin əmri ilə Sisianovun
sümükləri Tiflisə aparılıb, Sion kilsəsində dəfn edilir.
1806-cı ilin iyununda general Bulqakovun komandanlığı altında rus
qoşunları Quba xanlığını işğal etdikdən sonra Bakı istiqamətində irəliləyirlər.
Havalar bərk isti keçdiyindən qoşun yolboyu tez-tez düşərgə salırdı. Axırıncı
düşərgə Beşbarmaq dağının ətəyində idi. Buradan Bulqakov Hüseynqulu xana
məktub göndərib, təslim olmağı tələb edir. Hüseynqulu xan qorxuya düşür.
Düşünür ki, Sisianovu öldürdüyü üçün ondan dəhşətli intiqam alınacaqdır. Ona
görə qoşun hələ şəhərə yaxınlaşmadan böyük bir köçlə - səkkiz arvadı, beş oğlu və
17 qızı ilə İrana yollanır. Həmin il sentyabr ayının 3-də Bakı Rusiyanın tərkibinə
daxil edilir.
Bakının birinci gerbi nə vaxt yaranıb
Birinci Pyotrun hakimiyyəti dövründə Rusiyanın ayrı-ayrı regionlarında
məskən salmış hərbi hissələri ərzaqla təchiz etməyi asanlaşdırmaq məqsədilə ordu